30 Mart, 2011
Prezident Admnstrasiyasından tələb

Əli Həsənov: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 4 qətnaməsi də Liviyaya dair qətnamə kimi qətiyyətlə və operativ icra edilməlidir" 

“Liviyada diktatora qarşı BMT TŞ-nin çıxardığı bir qətnamə dərhal və böyük iradə ilə icra olunduğu halda, BMT TŞ-nin Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi 4 qətnamə 20 ilə yaxındır ki, icra edilmir. Bu hal dünya siyasətində ikili standartların mövcudluğundan, dünya siyasətinin formalaşmasında, millətlər və dövlətlərarası münasibətlərin inkişafında mühüm təsirə malik ölkələrin ikili siyasətindən xəbər verir”. Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu fikirləri “Trend”ə açıqlamasında səsləndirib. 
Ə.Həsənov hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 4 qətnaməsi də Liviyaya dair qətnamə kimi qətiyyətlə və operativ icra edilməlidir. Təcrübə göstərir ki, BMT-nin qətnamə qəbul edərək kənarda durması, qərarın yerinə yetirilməsi ilə bağlı məcburetmə tədbirləri görməməsi son nəticədə qətnamənin icrasız qalmasına şərait yaradır. Ermənistandan BMT qətnamələrinin tələblərini özxoşuna yerinə yetirməsini gözləmək və ona qarşı məcburetmə tədbirləri görməmək BMT-nin nüfuzuna ciddi zərbə vurur: “Əlbəttə, Liviyada mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi vacib məsələdir. Lakin belə tədbirlər qətlə yetirilmiş minlərlə azərbaycanlıya, milyondan artıq qaçqın və məcburi köçkünə də şamil olunmalıdır. Liviya diktatorunun əməlləri Xocalı, Qaradağlı, Quşçular, Bağanıs Ayrım və Azərbaycanın digər yaşayış məntəqələrində ermənilərin törətdikləri soyqırım və vəhşiliklərdən daha qəddar və faciəli deyil. Ermənilər Azərbaycan torpaqlarını işğal edərkən həlak olan azərbaycanlıların sayı Liviyada üsyançılarla Qəddafi qoşunları arasındakı toqquşmalar zamanı ölənlərin sayından on dəfələrlə çoxdur. Azərbaycanda Ermənistanın işğalından ziyan çəkən insanların ümumi sayı Liviyada hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş insanların sayından qat-qat artıqdır”
Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!