24 İyul, 2014
AMEA Qax və İlisuda elmi tədqiqat işləri aparıb

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və sistematika şöbəsinin müdiri biologiya elmləri doktoru Aydın Əsgərov və şöbənin əməkdaşları Qax rayonu, eləcə də İlisu Dövlət Təbiət Qoruğu ərazisində tədqiqat işləri aparıblar.

Akademiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, ekspedisiya zamanı qoruğun bitki örtüyü, onun floristik tərkibi öyrənilmiş, zəngin herbari, toxum və digər rüşeym plazması materialları toplanılıb, Azərbaycanın “Qırmızı kitab”ına düşmüş nadir və nəsli kəsilməkdə olan bitkilərin populyasiyalarının vəziyyəti,  ekobotaniki xüsusiyyətləri haqda məlumatlar əldə edilib. Tədqiqatlar meşə, subalp və alp qurşaqlarında aparılıb. Bu qurşaqlara aid bir sıra növlərin arealları dəqiqləşdirilmiş, Medicago, Vicia, Lathyrus, Lotus, Coronilla, Trifolium, subalp elementləri olan Gentiana, Senecio, Heracleum, Onosma, Lappula, Centaurea, Chenopodium, Astragalus, Hordeum, Bromus, Orthurus, Asplenium, Polypodium, Campanula, qiymətli dərman bitkilərindən Origanum, Hypericum, Thymus, Digitalis, Stachys, Salvia, Verbascum cinslərinə aid herbari nümunələri toplanıb.

Qeyd edilən herbari materialları institutun herbari fonduna, toxum materialları Milli Genbanka və artırılmaq üçün müvafiq laboratoriyalara veriləcək.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!