30 Mart, 2011
SƏHİYYƏ NAZİRLİYİNİN BLANK “ƏMƏLİYYATI” NƏYİ DƏYİŞƏCƏK?

Ekspert hesab edir ki, yeni qayda həkimlə aptek sahibi arasındakı dərman “biznesinə” təsir etməyəcək 

Səhiyyə Nazirliyi tərəfindən yeni vahid resept blank forması təsdiqlənib. Səhiyyə Nazirliyinin vəsaiti hesabına çap olunacaq həmin blankların qısa müddət ərzində ölkənin bütün ambulator müalicə-profilaktik müəssisələrinə pulsuz paylanılması nəzərdə tutulub.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədovanın Simsar.az-a verdiyi məlumata görə, yeni vahid resept blanklarının təsdiqlənməsi əsasən həkim - aptek - əczaçı şirkətləri münasibətlərində yarana biləcək hər hansı bir neqativ halların aradan qaldırılmasına yönəlib.

Səhiyyə Nazirinin 2009-cu il 21 dekabr tarixli 172 nömrəli əmrinə və Səhiyyə Nazirliyinin 12.11.2010-cu il tarixli 184-S nömrəli sərəncamına əsasən çap edilmiş vahid resept blanklarının alınması üçün tabeliyindən asılı olmayaraq bütün tibb və əczaçıliq fəaliyyəti ilə məşgul olan müəssisələr Səhiyyə Nazirliyinə müraciət etməlidirlər.

S.Məmmədova bildirdi ki, resept blanklarının tibb müəssisələrinə paylanılması Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən aparılir: «Bu günə qədər vətəndaşlar həkimlərin ayrı-ayrı firmaların resept blanklarına dərman adlarını yazıb bundan faiz tutmaları barədə şikayətlər edirdilər. Səhiyyə Nazirliyi bu və digər nöqsanların aradan qaldırılması üçün vahid resept blankı hazırlamaq qərarı verib. Bundan sonra əvvəlki kimi nöqsanlara yol vermək mümkün olmayacaq. Resept blankları sonda yalnız Səhiyyə Nazirliyinə təqdim olunacaq».

Tanınmış həkim professor Adil Qeybulla yeni vahid resept blankının hazırlanmasını alqışlasa da, hesab edir ki, bu, problemdən çıxış yolu deyil: «Azərbaycanda dərman bazarına nəzarət etmək çətindir. Ölkəyə aşağı keyfiyyətli dərmanlar daxil olur. Bəzən eyni kimyəvi tərkibli onlarla adda dərman satışa çıxarılır. Bu da sağlam olmayan rəqabət yaradır. Səhiyyə Nazirliyi həkim-firma münasibətlərini tənzimləmək istəyirsə, dərman dövrüyyəsi sistemini tam nəzarətə götürməlidir. Hindistandan gətirilən dərmanlar Avropa ölkələrinin istehsalı kimi satışa çıxarılır. Dərmanların qeydiyyat sistemi yaradılmalıdır. Hər bir həkim keyfiyyətli dərmanların adlarını bilməlidir. Azərbaycanın Dərman Təhlükəsizliyi Konsepsiyası yoxdur».

A.Qeybulla hesab edir ki, vahid resept blankı həkim-aptek əməkdaşlığını aradan qaldıra bilməyəcək: «Həkim vahid resept blankına yazdığı dərmanların adlarını həm də başqa kağıza yazıb firmaya verəcək və həmişəki kimi faizini alacaq. Elə etmək lazımdır ki, bazarda keyfiyyətsiz dərman olmasın».

RAMİL




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!