23 İyul, 2014
Qara Dəniz geosiyasəti Azərbaycan gündəmində

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və CIFE-ın (Fransa) birgə təşkilatçılığı ilə "Qara Dəniz Regionunda Geosiyasət" mövzusunda Yay Universiteti öz işinə başlayıb.

SAM-dan Simsar.az-a verilən məlumata görə, tədbirin açılışından öncə qonaqlar Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət ediblər.

Tədbiri Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin böyük məsləhətçisi Turab Qurbanov və Yay Məktəbi Proqramının direktoru Marie-France Perdigon (CIFE) açılış nitqləri ilə başlayıblar.

Yay məktəbinin ilk günü Moldovanın Fransadakı səfiri Oleg Serebrian "Avropa İttifaqı və Qara Dənizdə Yeni Geosiyasi Vəziyyət", SAM-ınİq tisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı “Qara Dəniz Regionunun Geo-İqtisadi Xəritəsi”, Xəzər Universiteti Siyasi Elmlər və Beynəlxalq Münasibətlər departamentinin Direktoru Muxtar Hacızadə “Qara Dəniz Regionu: Kompleks Regionalizm” mövzularında məruzələr ediblər.

Tədbirin növbəti günləri Taleh Ziyadov (ADA Universiteti) “Qara Dəniz Regionunda Nəqliyyat və logistika: İpək Yolu”, Laura Nequra (Rumıniya) “Qara Dənizin Statusu, mübahisəli İlan adası (Snake İsland)”, Rüstəm Məmmədov (BakıDövlət Universiteti, Beynəlxalq İctimai Hüquq) “Xəzər Dənizinin Statusu”, Turab Qurbanov (Azərbaycan Respublikası Prezidentinin Prezident Administrasiyası) “Qara Dəniz regionu və Azərbaycanın xarici siyasəti”, Elena Vasilina (Qara, Körfəz və Aralıq dənizi Araşdırma Mərkəzinin Prezidenti, Fransa) “Avropa geoiqtisadiyyatı və geosiyasəti”, Anar Vəliyev (ADA Universiteti) “Post-Sovet ölkələrinin Urbanizasiya Siyasəti”, Kristian Kleutinks (AB-Rusiya Dialoqu, Haaqa Clingendael Beynəlxalq Enerji Proqramının baş elmi işçisi) “Enerji Keçidi və Azərbaycana təsiri”, Gülmira Rzayeva (SAM) “Qara Dəniz regionunda enerji məsələləri”, Rövşən İbrahimov (SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri) “Avropa İttifaqının Post-Sovet ölkələri ilə münasibəti: Vilnyus Sammiti və sonrası”, Prof. Madeleine Hubin (Liège Universiteti, Belçika) “Cənubi Qafqazda təhlükəsizlik təhdidləri və risklər –Gürcüstan” mövzularında mühazirələrlə çıxış edəcək.

"Qara Dəniz Regionunda Geosiyasət" mövzusunda Yay Universiteti öz işini 28 iyul tarixinə qədər davam etdirəcək.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!