23 İyul, 2014
İstedadlı uşaqlar üçün komissiyalar gələn ay yaradılacaq

Vaxtından əvvəl I sinfə gedəcək uşaqların qəbulu üçün yaradılacaq komissiyalar avqustun 5-dən fəaliyyətə başlayacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiq edilməsi barədə təhsil nazirinin 17 iyul tarixli əmrinin icrası barədə əmr imzalayıb.

BŞTİ-dən Simsar.az-a  verilən xəbərə görə, əmrə əsasən, 16 sentyabr – 31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin, habelə ümumtəhsil müəssisələrinin təqdimatlarının müvafiq sənədlərlə birlikdə iyulun 20-dən avqustun 20-dək (bazar və bayram günləri istisna olunmaqla) Bakı Şəhəri üzrə Təhsil İdarəsində elektron şəkildə qeydiyyata alınması, müsahibələrin aparılması qaydalarının və digər aidiyyəti məlumatların www.bakuedu.az saytında yerləşdirməsi təmin ediləcək.

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinə qəbulu ilə əlaqədar müsahibələrin aparılması məqsədilə müvafiq komissiyalar yaradılacaq. Komissiyalar avqustun 5-dən sentyabrın 10-dək Nəsimi rayonu ərazisindəki 42 nömrəli  tam orta məktəbdə fəaliyyət göstərəcək. Əmrə əsasən, 42 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həmidovaya komissiyaların səmərəli fəaliyyəti üçün məktəbdə müvafiq şərait yaratması, BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənliyə isə komissiyaların işinin normal təşkili və müsahibələrin obyektiv keçirilməsi işinə nəzarət etməsi tapşırılıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!