30 Mart, 2011
Sabah Milli Kitab Mükafatının qalibləri elan olunacaq

112 əsərdən 10 ən yaxşı əsərlərin adları və müəllifləri açıqlanacaq 

Martın 31-də saat 12-də UniBankın Baş Ofisində (Rəşid Behbudov, 57) Milli Kitab Mükafatının (MKM) shortlisti (qısa siyahısı) elan olunacaq. MKM-ə təqdim olunan 112 əsərdən 10 ən yaxşı əsərlərin adları və müəllifləri açıqlanacaq. 

Tədbirdə Milli Kitab Mükafatının təşkilat komitəsi, ekspertləri, münsifləri, media mənsubları, ictimai təşkilatların nümayəndələri, yazıçılar iştirak edəcəklər.

Xatırladaq ki, MKM “Bakcell” şirkətinin baş sponsorluğu ilə və “Unibank” ASC rəsmi sponsorluğu ilə keçirilir. Mükafatın təsisçısı “Əli və Nino” Nəşriyyat Evidir.

Bundan sonra münsiflər heyəti öz işinə başlayacaq. Münsiflər heyətinə yazıçı Afaq Məsud, yazıçı Çingiz Abdullayev, ssenarist Rüstəm İbrahimbəyov, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vagif Səmədoğlu, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, Fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə daxildilər.

Birinci yerin qalibi üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Ayrıca, Amerika səfirliyi tərəfindən Amerika yazıçının ən yaxşı Azərbaycan dilindən ingilis dilindən tərcüməyə görə 1000 manat məbləğində mükafat veriləcək.

Qaliblərin adları mayın 31-də açıqlanacaq.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!