22 İyul, 2014
Bu il 3000 tələbə xaricdə təhsil ala bilər

Bu il xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayının 3000-ə çatacağı gözlənilir. Bunu təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbacan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən ilk təsdiq olunan tələbələrlə keçirdiyi görüş zamanı deyib.

Nazirin sözlərinə görə, bu gün də həmin proqram genişlənir və hər bir Azərbaycan vətəndaşı bundan faydalanmaq hüququna malikdir: "Әminəm ki, gələcəkdə təhsilinizi uğurla başa çatdırdıqdan sonra cəmiyyətin inkişafında mühüm rol oynayacaqsınız. Qloballaşan dünyada siz öz rəqabət qabiliyyətinizi xaricdəki ali məktəblərə qəbul olmaqla sübut etmisiniz. Ancaq sizin gələcək uğurlarınızın əldə olunması üçün yalnız bu amil kifayət etmir. Aydın məqsəd və bunlara nail olmaq üçün zəhmət və əziyyət lazımdır, günlərlə, aylarla arzularınıza çatmaq üçün öz üzərinizdə işləməlisiniz".

M.Cabbarovun sözlərinə görə, Azərbaycan öz vətəndaşları üçün həm təhsil, həm də yaşayış xərclərini əhatə edən təhsil proqramları tətbiq edən nadir ölkələrdəndir. Bu da Azərbyacanın sosial yönümlü dövlət olmasından, təhsilə əhəmiyyət verməsindən irəli gəlir.

Nazir qeyd edib ki, dövlət proqramında iştirak etməyin əsas şərtlərindən biri tələbənin akademik göstəricisinin yüksək olmasıdır. Ancaq hər bir tələbə Azərbaycanın müvafiq dövlətlərində yerləşən səfirliklərlə sıx münasibətdə olmalıdır: "Bu gün Azərbaycan dünyanın bir çox ölkəsində tarixi həqiqətləri, Qarabağ münaqişəsi, tarixi, resursları barədə məlumatları bədnam qonşular tərəfindən təhrif olunmuş şəkildə tanınır. Bu reallıqların çatdırılmasında hər birinizin öz töhfəsi ola bilər. Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatlar, səfirliklərlə əlaqədə olmaq və bu istiqamətdə fəaliyyət göstərmək vətəndaşlıq borcudur". (Trend.az)


Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!