29 Mart, 2011
Sınaq imtahanına yazılış başa çatdı

TQDK ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün aprelin 10-da da sınaq imtahanını keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aprelin 3-də keçirəcəyi sınaq imtahanlarına sənəd qəbulu başa çatıb. Komissiyadan Lent.az-a verilən məlumata görə, imtahanlara yazılışla bağlı aparılmış təhlillər göstərir ki, aprelin 3-də keçiriləcək imtahana 139 abituriyent valideyninin şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçib. Lakin imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Bu səbəbdən də başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə imtahana yazılmış həmin abituriyentlər imtahan binasına buraxılmayacaq.


TQDK-da bildirirlər ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün növbəti sınaq imtahanları aprelin 10-da keçiriləcək. Hazırda həmin gün keçiriləcək sınaq imtahanlarına qeydiyyat üçün Bakının Yasamal, Binəqədi, Nəsimi və Xətai rayonları, Gəncə, Salyan, Masallı orta məktəblərində 4000-ə yaxın boş yer qalıb.


Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün 2011-ci ilin ilk sınaq imtahanı yanvarın 23-də keçirilmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!