12 İyul, 2014
Şahin Diniyev: “Braziliya millisi hələ də şokdadır”

Simsar.az-ın “Mundial” layihəsinin növbəti qonağı Şahin Diniyev olub

Futbol üzrə Dünya Çempionatında bu gün baş tutacaq bürünc medal uğrunda Braziliya – Hollandiya matçı haqda danışan futbol mütəxəssisi oyunun gərgin mübarizə vəd etdiyini bildirib. Hər iki komandanın şanslarını bərabər dəyərləndirən Ş. Diniyev meydan sahiblərinin daha motivasiyalı olacaqlarını düşünür: “Braziliya bu görüşdə 1-7 hesablı məğlubiyyətin təsadüf olduğunu sübut etməyə çalışacaq. Onların azarkeşlərə borcu var. Buna görə, düşünürəm, “sambaçılar” oyuna daha motivasiyalı çıxacaqlar”.

Hollandiyanın Avropaya əliboş qayıtmaq niyyətində olmadığını deyən Şahin Diniyev “narıncılar”dan minimal hesablı qələbə gözləyir: “Düzdür, hollandlar bu oyuna, o qədər də, əhəmiyyət vermirlər. Lakin Braziliyanın hazırda dağınıq vəziyyətdə olduğunu nəzərə alaraq Avropa təmsilçini oyunun favoriti hesab edə bilərik. Braziliya millisi hələ də şokdadır və bu, onların oyununa mütləq təsir edəcək. Məncə, Hollandiya millisi minimal hesablı qələbə qazanacaq”.

Xatırladaq ki, Dünya Çempionatında 3-cü yer uğrunda oyun bu gün Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!