12 İyul, 2014
Gəncədə qadın rəssamların sərgisi açıldı

Gəncədəki Məhsəti Gəncəvi Mərkəzində şəhərin qadın rəssamlarının əsərlərindən ibarət “Dünya Azərbaycan qadınlarının gözü ilə” mövzusunda sərgi açılıb.

Simsar.az xəbər verir ki, şəhər ictimaiyyətinin nümayəndələri 23 qadın rəssamın 110-dan artıq qrafika, yağlı və sulu boya, tikmə, eləcə də vitraj üsulla yaratdıqları əsərlərə, həmçinin xalça üzərində maraqlı kompozisiyalarına maraqla baxıblar.

Sərginin açılışı mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək belə bir tədbirin keçirilməsini şəhərin mədəni həyatında əlamətdar hadisə adlandırıb və sərgidə nümayiş olunan əsərlərin müəlliflərini təbrik edərək onlara bundan sonrakı yaradıcılıqlarında müvəffəqiyyətlər arzulayıb.

Mərasimdə şəhər icra hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, gənc rəssam Şəhla Məmmədova, rəssam Məhbubə Həsənova və başqaları çıxış edərək Gəncənin mədəni həyatında baş verən yeniliklərə, xalqımızın mədəni irsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda sərgidə yaradıcılıq nümunələri nümayiş olunan qadın rəssamlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!