11 İyul, 2014
QHT-lərin problemləri müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu gün keçirilən iclasında bir sıra məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib. Şuradan Simsar.az-a verilən məlumata görə, iclasda QHT-lərin üzləşdikləri çətinliklər və mövcud problemlərlə bağlı Şuraya edilən müraciətlər geniş müzakirə olunub. Şura sədri Azay Quliyev QHT-ləri narahat edən məsələlərlə bağlı iclas iştirakçılarına məlumat verərək bu məsələlərin həlli istiqamətində ardıcıl işlərin həyata keçirilməsinin vacibliyini bildirib. Şuranın “hüquq və monitorinq” komissiyasının sədri Əliməmməd Nuriyev və Şura üzvü Sahib Məmmədov QHT-lərlə bağlı yaranan problemlər haqqında ətraflı məlumat verərək qrant müqavilələrinin qeydiyyatının sadələşdirilməsi, banklarla QHT-lər arasında yaranan problemlərin həlli yolları və digər narahatlıq doğuran məsələləri Şura üzvlərinin diqqətinə çatdıraraq onların həlli istiqamətində müvafiq təkliflər hazırlandığını deyiblər.

Şura üzvü və Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinin rəisi İlqar Məmmədov yaranan problemlərin həlli ilə bağlı təkliflər üzərində çalışdıqlarını qeyd edib. İclasda Ədliyyə Nazirliyinin müvafiq strukturu, Şura və onun “hüquq və monitorinq” komissiyası ilə birlikdə yaranmış problemlərin sürətli həllinə nail olmaq üçün fəaliyyətlərin koordinasiya edilməsinin zəruriliyi vurğulanıb.

İclasda yaxın günlərdə Şuranın “hüquq və monitorinq” komissiyası ilə Ədliyyə Nazirliyinin Notariat və  Qeydiyyat İdarəsinin birgə şəkildə QHT-lərin mövcud narahatlıqlarının həlli istiqamətində vahid təkliflər paketinin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsi və mövzunun həlli məsələsinin daimi nəzarətdə saxlanması ilə bağlı qərar qəbul edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!