11 İyul, 2014
AFR-da casusluq qalmaqalı

AFR hökuməti Amerika xüsusi xidmət orqanları tərəfindən casusluq fəaliyyəti ilə bağlı qalmaqalda ilk diplomatik addım atıb.

Simsar.az xəbər verir ki, AFR hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirmişdir ki, ABŞ xüsusi xidmət orqanlarının Amerikanın Berlindəki səfirliyində akkreditə edilmiş rezidentinin Almaniyanı tərk etməsi tələb olunub. Bu, İkinci Dünya müharibəsindən sonra ilk belə hadisədir.

Zaybertin sözlərinə görə, amerikalı rezidentin AFR-dən çıxarılması Almaniya Federal Prokurorluğunun icraatında olan casusluqla bağlı iki işin təhqiqatı, habelə ABŞ Milli Təhlükəsizlik Agentliyinin AFR-də fəaliyyətinin təhqiqatı üzrə Bundestaq Komissiyasının araşdırdığı məsələlərlə bağlıdır. Zaybert vurğulayıb ki, federal hökumət bu təhqiqatlara çox ciddi yanaşır.

“Reuters” agentliyinin verdiyi məlumata görə, xüsusi xidmət orqanları fəaliyyətinə nəzarət üzrə parlament komitəsinin rəhbəri Klemens Binninger qeyd edib ki, amerikalı rezidentin ölkədən qovulması həm də casusluq haqqında qalmaqalın təhqiqatına ABŞ səfirliyi tərəfindən bir ildən artıq müddətdə maneçilik törədilməsinə cavabdır. Bundestaqda təmsil olunmuş bütün partiyaların nümayəndələri AFR hökumətinin bu qərarını alqışlayıblar.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!