28 Mart, 2011
NOVRUZDA NİYƏ ƏFV OLMADI?

Çingiz Qənizadə: “Əfvin olması ehtimalı 10 faiz idi”

Novella Cəfəroğlu: “Mayda amnistiya olacağı üçün prezident bu dəfə əfv fərmanı imzalamayıb”

Əliməmməd Nuriyev: “Hər Novruz bayramında əfv fərmanı verilməsinin tərəfdarı deyiləm” 

Novruz bayramında əfv fərmanının imzalanacağı ilə bağlı gözləntilər özünü doğrultmadı. Bayramdan öncə mediada hətta tanınmış məhbusların əfv ediləcəyinə dair məlumatlar verilirdi. Əfv üçün prezidentə müraciət edən məhbusların yaxınları bayram gününü səbirsizliklə gözləsələr də, ümidləri çin olmadı. 

Niyə əfv fərmanı imzalanmadı? Simsar.az-ın əməkdaşı bu sualla hüquq müdafiəçilərinə müraciət edib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri, deputat Çingiz Qənizadə deyib ki, o, əvvəlcədən də əfv fərmanının imzalanacağına inanmayıb: “Əfvin verilmə ehtimalı 10 faiz idi. Fərmanın imzalanması isə prezidentdən asılıdır. Yəqin ki, əfv fərmanı müstəqilliyimizin 20-ci ildönümü münasibətilə, mayın 28-də veriləcək”.

Hüquq müdafiəçisi Novella Cəfəroglu isə güman edir ki, mayda amnistiya olacağı üçün prezident bu dəfə əfv fərmanı imzalamayıb.

Ədliyyə Nazirliyi yanında Pentensiar Xidmətə İctimai Nəzarət Komitəsinin koordinatoru Əliməmməd Nuriyev
bu Novruzda əfv fərmanının verilməməsini bir neçə amillə izah etdi: “Məhkumlar tərəfindən Əfv Komissiyasına çoxlu müraciətlər olub. Ola bilsin ki, vaxt çatmayıb. Yaxud müstəqilliyimizin 20-ci ildönümü ilə bağlı daha çox məhbusun azadlığa buraxılması planlaşdırıldığı üçün bu dəfə fərman imzalanmayıb”.

Ə.Nuriyev bildirib ki, o, hər Novruz bayramında əfv fərmanı verilməsinin tərəfdarı deyil: “Bu prezidentin hümanistliyinin ciddiliyini aşağı salır. Digər tərəfdən, səhvən insanlarda gözlənti yaranır ki, mütləq bu bayramda prerzident əfv fərmanı imzalayacaq və kimlərsə azadlığa buraxılacaq”.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!