10 İyul, 2014
AMEA gənc alimləri mükafatlandırdı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti tərəfindən təşkil edilmiş 28 May - Respublika Günü münasibətilə gənc alimlər üçün qrant müsabiqəsinin qalibləri mükafatlandırılıb.AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə,  mükafatlandırma mərasimində akademiyanın Həmkarlar İttifaqının sədri, iqtisad elmləri doktoru İsa Alıyev alimlərə ayrılan diqqət və qayğıdan bəhs edib. İ.Alıyev bu cür təşəbbüsləri gənc alim və mütəxəssislərin inkişafında böyük stimul kimi qiymətləndirib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd aktual və müasir elmi problemlərin həlli ilə bağlı elmi tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq, onlara yaradıcılıq imkanları yaratmaqdır. Son 3 ildəki elmi nəticələrini təqdim etmiş 37 gənc alimdən 21 nəfər üç kateqoriya üzrə mükafatlandırılıb. I yer 2500, II yer 2000 və III yerin qalibləri 1500 manat dəyərində pul mükafatına layiq görülüb.

Qrant müsabiqəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) maliyyə dəstəyi ilə təşkil olunub. Müsabiqəyə təqdim edilmiş elmi nəticələrin ekspertizası və qiymətləndirilməsi AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış müvafiq komissiya tərəfindən həyata keçirilib.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!