28 Mart, 2011
PAPAQÇI KAMİL: “Kişinin, kişi papağı olar”

“Möhkəm yapış papağından başından
Başdan papaq alıb qaçan dünyadır”  

Bu misralar “Papaq” filmində Mirzə Səfərin dediyi şeirdən bir parçadır. Bir vaxtlar kişilər papaqsız gəzməzdi. Qədim milli baş geyimi olan papaq simvolik olaraq həm də kişilərin qeyrət rəmzi hesab olunub. Yəqin siz də anladınız ki, “Sadə peşə” rubrikasının bu dəfəki qonağı papaqçı Kamil dayıdır. 

- Kamil dayı, ilk öncə özünüz haqqında məlumat verərdiniz...

- Məlikov Kamil Əliağa oğlu. 1932-ci il fevralın 20 – də anadan olmuşam.

- Bəs papaqçılığa necə başladınız?

- Hərbi xidmətimi yerinə yetirib gələndən sonra bu peşəni öyrənməyə başladım. O zamanlar azərbaycanlıları bu peşəyə yiyələnməyə qoymurdular. Amma ermənilərlə cuhudlara mane olan yox idi. Çünki bu peşədə yaxşı qazanc var idi. O vaxtın kişiləri başı açıq gəzməzdi. Bir müddət keçdi, papaq sexində işləməyə başladım. Bu peşənin dərinliyini öyrənəndən sonra tək başına sifariş qəbul etməyə başladım. Artıq 1955-ci ildən papaqçıyam. Bacım ali savadlıdır, mənim peşəmi bəyənmirdi. Hədsiz marağım və istəyim məni bu peşədən uzalaşdıra bilmədi. “Kamil bir palançı olsa da, insan, yaxşıdır yarımçılıq papaqçılıqdan”- bu kəlama əməl etməyə çalışıram. Yəni peşəni seçmisənsə, heç vaxt yarımçıq qoymaq olmaz. Gərək onu axıra qədər davam etdirəsən. Sənətinə biganə yanaşandan heç zaman sənətkar olmaz. İstəsə də ərsəyə gətirdiyi iş könül oxşamaz. Bəzi işbazlar ucuz “kepka”ları gətizdirib, sənəti öldürməyə başladılar. Çox zaman məndən soruşurlar ki, niyə yanına tələbə götürmürsən? Deyirəm, gələn yoxdur. Hamı asan yolla pul qazanmaq istəyir.

- Deyirlər ki, papaq qeyrətdir, başına papaq qoymayanlar necə qeyrətsizdirlər?

- İnanın mənə papaq qoymayanlar indi çoxluq təşkil edir. İndi elə papaqlar moda düşüb ki, adamın gülməyi gəlir. Mənə 100 manat da versələr, o papağın eynisini tikmərəm. Kişinin kişi papağı olar. Hər bölgənin öz papağı və başa qoyulma tərzi var. Dövlətlər arasında Özbəkistan və Əfqanıstanın özünə məxsus milli papaq növləri mövcuddur. Cuhudlar da öz araqçınlarını başlarına qoyurlar ki, bu bizim papağımızdır. Bizim nəyimiz onlardan əksikdir? İndiki gənclər gündəlik başlarına papaq qoymurlar heç olmasa, öz toylarında papaq geyinsinlər. İnanın elə gözəl görünər. “Şapka” nədir axı? Gənclərə məsləhətim o olardı ki, “şapka” yerinə kişi papağı qoysunlar başlarına. Millətçiliyimiz nədən bilinsin? Geyimimızdə bir millətçilik elementi olmalıdır, ya yox?

- Yaxşı bəs kişi başına necə papaq qoymalıdır?

- Qaşından iki barmaq yuxarı. Hər yerin öz adəti və papaq qoyma tərzi var. “O olmasın, bu olsun”- filmində Məşədi İbad göstərir ki, hansı region necə papaq qoyur. Allah Üzeyir Hacıbəyova rəhmət etsin. Hər dəfə baxanda kinodan zövq alıram. Hansı rəng sənin geyim tərzinı uyğundursa, o rəngdə də başına papaq qoymalısan.

“Papaqsız fikirləşilir ki, bu gündəyik”

- Papağı necə qorumaq olar?

- Salafanın içinə naftalin atıb, papağı da qoyursan içinə, salafanın ağzını möhkəm bağılayıb, asırsan. Onda papaq nə korlanmaz, nə də xarab olmaz. Papağı əgər istifadə etmirsənsə, mütləq asmaq lazımdır. Onda papaq xarab olmur.

- Bu gün qadınlar da papaq qoyurlar. Bu kişi qeyrətilidir, anlamına gəlir yoxsa?..

- Qadınların başlarına qoyduqları papaqlar ayrıdır. Əvvəl “beretka”lar dairəvi formada idi. İndi kişi papağına oxşar “filinli” formadadır.

- Papaq sifarişi yetərincə olurmu?

- Papaq sifarişi olsa da, dəri məsələsi çox çətindir. Gərək hansısa ölkədən dəri gətirəsən, bu da ucuz başa gəlmir.

- Hansı papaq növlərindən daha çox sifariş olunur?

- Kasıb və pulu olmayan insanlar ucuz papaq istəyirlər. Yaxşı dəridən olan papaqlardan geyinmək istəyənlər isə bahalı papaq sifariş edir. Əsasən papağı 40-50 yaş arası və ondan yuxarı yaşı olan insanlar sifariş edir.

- “Adamlığın yoxdursa, heç olmasa papağın olsun” deyiminə münasibətiniz?

- Adamlığı olmayan istəsə 100 dənə papaq qoysun fərqi yoxdur. Elə insandan adam olmaz.

- Hamı başına papaq qoysa, “Qarabağı” qaytara bilərik?

- Qarabağda hamısı başına papaq qoymuşdu. Siyasət çox çətin bir işdir. Mən bir dənə onu deyə bilərəm ki, Qarabağı azad etmək üçün vətənpərvər olmaq lazımdır. Bizə millətçilik lazımdır. Kişiliyi olmayan insan papaq da qoysa, onda kişilik olmayacaq. Fikir verin Çeçenlər necə vətənpərdir, onların qanlarında millətçilik ruhu var. Millətçilik olanda biri digərinin arxasında dayaq kimi dayanır. Millətçilik olmayanda isə, hərə özünü düşünür. Bu məsələ qaldıqca iylənir. Gərək dəmiri isti-isti döyəsən.

- “Papağını qarşına qoyub fikirləş” deyiminə bu gün ki, zamanda əməl olunur?

- Papağsız fikirləşilir ki, bu gündəyik. Papağını qarşına qoymaq o mənanı verir ki, böyüksən, ağsaqqalsan fikirləş gör sabah nə edəcəksən? Evini necə dolandıracaqsan? Məsələni necə həll edəcəksən? İndi hansı kişiyə deyə bilərsən ki, papağını qoy qarşına fikirləş, hamısı papaqsızdır.

- Papaq bir dəbdir, yoxsa vacib bir geyim?

- Papağı gərək dəbə salasan. Dəb də ki, çox təhlükəli işdir.

Nüşabə Sadıqova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!