7 İyul, 2014
Sünni ərəblər İŞİD-ə qarşı birləşdilər

İraq və Şam İslam Dövləti qruplaşmasının işğal etdiyi ərazilərdə müsəlman məqbərələrini dağıtması sünni ərəb tayfalarını narazı salıb.

Simsar.az-ın məlumatına görə, terrorçu qrupun Suriya və İraq torpaqlarında xələfəlik elan edənə qədər onları dəstəkləyən sünni müsəlmanlar və silahlı qruplar İŞİD-ə qarşı mübarizəyə başlayıb.

Son olaraq 23 iyunda İordaniya sərhədindəki Terbil sərhəd qapısını ələ keçirən İŞİD yerli əhalidən dəstək görməyəndən sonra müdafiə mövqeyinə keçib.

Suriya və İraq ordusunun keçirdiyi əməliyyatlarda günü-gündən zəiflənən İŞİD-ə qarşı kürd silahlıları da hərəkətə keçib. Son məlumatlara görə, peşmergələr Saidiye vilayətini geri qaytarmaq üçün hazırlıqlar görür. Artıq İŞİD silahlıları Terbil, Vəlid, Rutba, Latifiyə və Mikdadiyədən geri çəkilmək məcburiyyətində qalıb.

Başqa tərəfdən isə İŞİD-in nəzarətində Mosul, Tikrit və Ənbarda humanitar böhranın yaşanması yerli əhalinin etirazlarını intensivləşdirib. Mosulun tayfa liderləri IŞİD-dən elektrik və maye yanacaq böhranının tez həll olunmasını tələb ediblər.

Qeyd edək ki, İraqda qısa müddətdə bir çox bölgəni ələ keçirən İŞİD-i Ənsar Əl-İslam, Nəqşibəndi Ordusu, İraq İslam Ordusu, İraq Tayfa Devrimçiləri və 1920 İnqilab Briqadaları adlı təşkilatlar dəstəkləyib. Ancaq İŞİD lideri Əbubəkr əl-Bağdadinin xəlifəlik elanı, əldə edilən pul və neftin bölüşdürülməsi istiqamətində çıxan narazılıqlar sözügedən silahlı qruplaşmaların İŞİD-ə qarşı səfərbər edib.

Bu arada məlum olub ki, İŞİD İsrail və ABŞ istehsalı olan son texnologiyalardan istifadə edir. Belə ki, Əbubəkr əl-Bağdadi Mosulda cümə xütbəsi oxuyarkən İŞİD əlindəki güclü texnologiya vasitəsi ilə şəhərdəki bütün cib telefonlarının siqnallarını kəsib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!