7 İyul, 2014
7 dildə Məhsəti Gəncəvi yaradıcılığı

Azərbaycan şairi Məhsəti Gəncəvidən bəhs edən kitabın 7 dildə nəşri başa çatdırılıb.

Mədəniyyət və Turizm Nazirliyindən Simsar.az-a verilən məlumata görə, Nazirliyin dəstəyi ilə 7 dildə (italyan, çex, alman, yapon, ispan, tacik, urdu) akademik Rafael Hüseynovun "Məhsəti Gəncəvi" portret-oçerki işıq üzü görüb. Kitablarda şairənin həyat və yaradıcılığından bəhs edilir, rübailərindən parçalara yer verilir.

Portret-oçerk daha öncə də bir sıra xarici dillərdə nəşr olunub. Ötən il 16 may tarixində Paris şəhərində UNESCO-nun Baş qərargahında keçirilmiş yubiley tədbiri zamanı iştirakçılara təqdim edilib.

"Şərq-Qərb" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitablar Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il yanvarın 16-da görkəmli şairə "Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi" haqqında sərəncam imzalayıb.

Ülviyyə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!