7 İyul, 2014
Muğamlarımızdan ibarət disk Özbəkistanda

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Nizami adına Pedaqoji İnstitutundakı Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində “Azərbaycan muğamları sehirli bir dünyadır” adlı tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Simsar.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutunun beynəlxalq əlaqələr departamentinin rəhbəri İsroil Şamsimuxammadov bildirib ki, mədəniyyət mərkəzinin layihəsi ilə hazırlanan və Özbəkistanda yayılan Azərbaycan muğamları diskləri özbək dinləyiciləri tərəfindən məmnunluqla qarşılanıb.

Mərkəzin rəhbəri Samir Abbasov qeyd edib ki, Azərbaycan muğam sənətini Özbəkistanda təbliğ etmək üçün bir sıra layihələr həyata keçirilib və bu layihələr gələcəkdə də davam edəcək.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraedici sədri Erkin Nuriddinov Azərbaycan muğamının özbək makomları, uyğur mukamları, türk təqsimləri ilə qohumluq təşkil etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, tədbir Azərbaycanın Özbəkistandakı Səfirliyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!