7 İyul, 2014
“Qəribə oğlan” səhnəyə hazırlanır

Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi münasibətilə, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi, müəllifin “Qəribə oğlan” komediyasını tamaşaya hazırlayır.

Simsar.az xəbər verir ki, hazırda tamaşanın son məşqləri gedir. “Qəribə oğlan” əsəri İlyas Əfəndiyevin dramaturji yaradıcılığında komediya janrında qələmə alınmış ilk səhnə əsəridir.

Tamaşanın quruluşçu rejissoru Adil Zeynalov deyib ki, tamaşa 1973-cü ildə yazılmış və əsərdə sovet dövrü üçün xarakterik olan xalqlar dostluğu ideyası ön plana çəkilib. Biz teatr əsərinə yeni prizmadan yanaşmaqla, onu müasir və tamaşaçıları düşündürən çalarlarla zənginləşdirməyə çalışmışıq.

Tamaşanın quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Əliyevadır. Əsas rollarda Xalq artisti Qabil Quliyev, aparıcı aktyorlar Miraslan Ağayev, Qızılgül Quliyeva, Aynur Əhmədova, Allahverən Babayev, Səyyad Əliyev, Emin Fərzullayev və başqaları oynayırlar.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan yeni tamaşanın premyerası iyulun ortalarında, teatr sezonunun bağlanışı günü olacaq.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!