4 İyul, 2014
“Facebook” istifadəçilərdən üzr istədi

Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook”un əməliyyat direktoru Şeril Sandberq istifadəçilərdən psixoloji eksperimentə görə üzr istəyib.

Ş.Sanberqin sözlərinə görə, eksperiment, şirkətin müxtəlif məhsullarının sınaqdan keçirilməsi istiqamətində aparılan tədqiqat işlərinin bir hissəsi olub. O, istifadəçilərə bu proses haqqında kifayət qədər zəruri informasiya verilmədiyini təəssüflə qeyd edib.

Simsar.az “AzərTAc”a istinadən xəbər verir ki, 2012-ci ilin yanvarında həftə ərzində 689 min şəbəkə istifadəçisinin xəbər lentinə vaxtaşırı müxtəlif məlumatlar daxil edilib. Bu məlumatlar “Facebook” istifadəçilərinin əhval-ruhiyyəsinə mənfi təsir göstərib.

Kornella və Kaliforniya universitetlərinin nümayəndələrinin PNAS jurnalında dərc olunan bu tədqiqat işi ictimai rezonans doğurub. Bəzi psixoloqlar anonim eksperimentlərin qəti əleyhinə olublar. Bundan başqa, müxtəlif bloq səhifələrində və “Twitter” şəbəkəsində istifadəçilər onlardan xəbərsiz aparılan eksperimentdən narazılıqlarını bildiriblər.

“Facebook” rəhbərliyinin sözlərinə görə, tədqiqat zamanı istifadəçilərin fərdi maraqlarına toxunulmayıb. Eksperiment verilən tapşırığa əsasən şirkətinin servisini yoxlamaq və istifadəçilərin bu və ya digər kontentə münasibətini öyrənmək məqsədilə aparılıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!