4 İyul, 2014
Azərbaycana gələn turistlərin sayı 4 milyona çatacaq – NAZİR

Növbəti 5 il ərzində Azərbaycana gələn turistlərin sayının təqribən 3,5-4 milyona çatacağı gözlənilir. Simsar.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, əgər 2001-ci ildə Azərbaycana 400 min turist gəlirdisə, bu gün 2,5 milyon turist gəlir. Son 10-12 ildə Azərbaycana gələn tutistlərin sayında hər il artım qeydə alınıb. Ancaq bu gün turistlərin sayında 50 və ya 100 faiz artımın olmasını da gözləmək lazım deyil, çünki hotellərimiz birdə-birə 5 milyon turisti qəbul etməyə hazır deyil.

Ə.Qarayev Azərbaycana gələn turistlərin sayının az olması, ölkədə turizm xidmətlərinin baha olması barədə deyilən fikirlərlə də razılaşmayıb: "Mən mətbuatdan oxuyuram ki, Azərbaycana gələn turistlərin sayı azdır, qiymətlər bahadır və s.. Bu mövzu bizi də maraqlandırır, amma qiymətləri bazar özü müəyyənləşdirir. Dövlətin qanunvericiliyində nəzərdə tutulmayıb ki, nazirlik qiymətləri müəyyənləşdirsin, desin ki, bu otağın qiyməti bu cür, o xidmətin qiyməti bu cür olsun. Bunu bazar özü tənzimləyir. Lakin biz ona nail olmuşuq ki, 3 il bundan əvvəlki dövr ilə müqayisədə qiymətləri təqribən 20 faiz endirə bilmişik. Bu günə qədər həmin qiymətlərdə artım baş verməyib. Bu, stabil qiymət siyasətinin mövcud olmasından xəbər verir".

Mədəniyyət və turizm naziri deyib ki, bu gün Azərbaycanda "üçulduzlu" hotellərin sayı o qədər də çox deyil. Belə hotelləri yalnız sərbəst sərmayəçilər yaratmalıdır: "Bu gün Azərbaycanda "dörd" və "beşulduzlu" hotellərin sayı kifayət qədərdir. Ona görə də sərmayəçilər daha çox "üçulduzlu" hotellərə diqqət yetirməlidirlər. Bu, öz növbəsində daha geniş təbəqəyə xidmət göstərməyə imkan verər".

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!