4 İyul, 2014
Fransa Almaniyaya, Braziliya Kolumbiyaya qarşı

Bu gün futbol üzrə Dünya Çempionatında ¼ final mərhələsi start götürəcək

Simsar.az xəbər verir ki, mərhələnin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Meydana ilk olaraq Fransa və Almaniya milliləri çıxacaqlar. 1/8 finalda Əlcəzairin ciddi müqaviməti ilə üzləşən Bundestim bu dəfə də çətin sınaq qarşısındadır. Güclü heyəti ilə Mundialın sürpriz favoritlərindən hesab edilən Fransa millisi isə növbəti qələbə ilə yarımfinala yüksəlmək niyyətindədir.

Statistika isə almanların tərəfindədir. Belə ki, 1958-ci il Mundialında Fransaya 3:6 hesabı ilə uduzan Bundestim həmin tarixdən bu günə kimi Dünya Çempionatlarında fransızlara boyun əyməyib. Həmçinin, 2002-ci ildə final oynayan Almaniya komandası son 3 Mundialda yarımfinala yüksəlməyi bacarıb.

Günün digər matçında Braziliya və Kolumbiya milliləri münasibətlərə aydınlıq gətirəcəklər. “Sambaçılar” Çili ilə matçda üzləşdikləri çətinliyi Kolumbiya qarşısında unutdurmaq niyyətindədirlər. Rəqib isə Mundialdakı qələbə seriyasını 5-ə çatdırmaq arzusundadır.

Tarixində ilk dəfə ¼ finala yüksələn Kolumbiya millisinin son 6 Dünya Çempionatında yarımfinal oynayan meydan sahibləri qarşısında hansı nəticəyə nail olacağı maraqla gözlənilir.

 

Günün proqramı belədir:

 

21:00. Fransa – Almaniya

“Marakana”, Rio-de-Janeyro

 

01:00. Braziliya – Kolumbiya

“Estadio Kastelao”, Fortaleza

 

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!