4 İyul, 2014
“Yuğ” teatrı “Yeraltı gözəllik yarışmasında”

Azərbaycan Dövlət “Yuğ” Teatrında Qabriel Qarsia Markesin əsərləri əsasında hazırlanmış “Misis və mister cəsəd” tamaşasının premyerası keçirildi.

Simsar.az xəbər verir ki, tamaşa dünya şöhrətli yazıçının “Dünyanın ən gözəl ölüsü” hekayəsi və “Gözlənilən bir qətlin tarixçəsi” povestinin motivləri əsasında rejissor Ər-Toğrulun quruluşunda təqdim olunub.

Əlli beş dəqiqəlik tamaşanın quruluşçu rəssamı Umay Həsənovadır. Tamaşanın musiqi tərtibatı Mələk Vəlizadəyə, rejissor assistenti Yaqut Paşazadəyə məxsusdur.

Əməkdar Artist Yaqut Paşazadənin, aktyorlardan Amid Qasımovun, Rasim Cəfərin, Könül Cəfərzadənin və başqalarının da iştirak etdikləri tamaşa o biri dünyada keçirilən “Yeraltı gözəllik yarışması”ndan bəhs edir.

Yarışmanın şərtlərinə görə, iştirakçılar dirildilib, bu dünyaya göndərilir. Sağ olarkən etdikləri əməlləri təkrarlayaraq, öz əməllərinə özləri qiymət verirlər. Məlum olur ki, hər biri özünü, az qala, müqəddəs sayan iştirakçıların heç biri dirilməyə layiq deyil.

Tamaşa böyük maraqla qarşılanıb.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!