4 İyul, 2014
Türk xalqlarının geyim dəfiləsi keçirildi - FOTOLAR

Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 3-də axşam “Yuxarı Karvansaray” mehmanxana kompleksində türkdilli ölkələrin milli geyimləri və musiqisindən ibarət defilə nümayiş etdirilib.

Simsar.az xəbər verir ki, TÜRKSOY-un hazırladığı defilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyasının Altay, Saxa-Yakutiya, Xakasiya, Tuva, Başqırdıstan, Kalmıkiya respublikalarının təmsilçiləri – tanınmış modelyer-dizaynerlər və musiqiçilər tərəfindən təqdim olunub.

TÜRKSOY-un təşkilatçılığı ilə dünyanın bir sıra ölkələrində düzənlənən moda defiləsi türk dünyası ölkələri arasında mədəni birliyin əhəmiyyətini önə çəkmək, dizaynerlərin hazırladıqları milli geyim nümunələrini təbliğ etmək, türk dünyası ölkələrinin moda durumunu sərgiləmək məqsədi daşıyır. Moda nümayişində türk dünyasının tanınmış dizaynerlərinin əl işləri, etnik dizayn modelləri və xüsusi geyimlər yer alıb. Milli musiqilərin müşayiəti ilə keçirilən defilədə 11 türkdilli ölkənin 60-a yaxın milli geyimi nümayiş etdirilib.

Azərbaycan modelyer-dizaynerləri TÜRKSOY-un hazırladığı bu defilədə ilk dəfə iştirak ediblər. Qarabağ, İrəvan, Şəki, Quba, Bakı və Azərbaycanın digər xanlıqlarına aid milli geyimlərin yeni dizaynda təqdimatı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək “İpək Yolu” festivalı çərçivəsində reallaşan defilənin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Bəstakarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

TÜRKSOY-un baş katibinə xatirə hədiyyəsi - festivalın rəmzi simvolu təqdim edilib.

Günel





Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!