3 İyul, 2014
İcra başçısının diplomat oğlunun adı QALMAQALDA

İcra başçısının diplomat oğlunun adı maşın nömrəsi qalmaqalında

Latviyada Azərbaycanın bu ölkədəki konsulu Nicat Sadıqovun ağlagəlməz hərəkəti ətrafında yaranmış qalmaqal qızışır.

Latviya mətbuatında belə bir xəbər yayılmışdı ki, Azərbaycanın konsulu özünün şəxsi avtomobilinə diplomatik nümayəndəliyə məxsus dövlət nömrə nişanını bağlayaraq diplomat adına yaraşmayan hərəkətlərə yol verib.

Öz növbəsində "Azadlıq" qəzeti də N.Sadıqovun Azərbaycana çağırıldığı və onunla həm Xarici İşlər, həm də Milli Təhlükəsizlik nazirliklərində “profilaktik söhbət” aparıldığı barədə xəbərlər yaydı.

Xəbərə görə, Bakıda aparılan bu söhbətlərdən sonra N.Sadıqov diplomatik nömrə nişanını özünün 80 min dollarlıq “Porsche Cayenne” markalı maşınından açıb.

Virtualaz.org saytı bu qalmaqalla bağlı Latviyadakı mənbələrindən yeni məlumatlar alıb. Qaynaqlarımız azərbaycanlı diplomatın bu cür yolverilməz addımı barədəki xəbərləri təsdiqləyiblər.

Riqadakı mənbələrimiz bildiriblər ki, Azərbaycanın konsulunun diplomat adına yaraşmayan bu hərəkətləri, onun diplomatik etiket qaydalarını kobud şəkildə pozması Latviya Daxili İşlər Nazirliyinin və yerli xüsusi xidmət orqanlarının diqqətini dərhal cəlb edib. Nəticədə faktla bağlı məlumat bu ölkənin yerli aparıcı nəşrlərinin səhifələrinə düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlamasında bildirib ki, nazirlik bu məsələni araşdırmaqla məşğuldur. XİN sözçüsü konsulla bağlı qalmaqalın yarandığını bununla dolayısı ilə təsdiqləyib.

Xatırladaq ki, Nicat Sadıqov orta çəkili oliqarxlardan biri hesab edilən və uzun müddət Ağdam Rayon İcra Hakimiyyəti başçısı işləyən Nizami Sadıqovun oğludur. Konsulla bağlı xəbərlər yayılandan sonra ölkə mətbuatında Nizami Sadıqovun Bakıdakı “İzmir” restoranını 8 milyon manata satmaq istəməsi ilə bağlı xəbərlər yayılmışdı. Restoranın satılıb-satılmadığı haqqında əlavə məlumat yoxdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!