20 Mart, 2011
İlham Əliyev: "Torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik"

“Ölkə qarşısında duran vəzifələrdən ən başlıcası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir"

Bu məsələ ilə bağlı Azərbaycan öz siyasətini aparır, həm danışıqlar prosesində konstruktivlik göstərir, eyni zamanda, ölkəmizin güclənməsi və regionda təsir dairəmizin genişlənməsi əlbəttə ki, mövqeyimizi daha da gücləndirir”.

APA-nın məlumatlına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Novruz şənliklərindəki çıxışında deyib.

Dövlət başçısı bütün beynəlxalq təşkilatların qərarlarının, qətnamələrinin Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edib: “Hüquqi cəhətdən bu məsələ ilə bağlı həll yolları hamımız üçün aydındır. Bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Məsələnin başqa həll variantı yoxdur və mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz çalışırıq ki, bunu sülh yolu ilə həll edək. Amma eyni zamanda, ordu quruculuğumuza da böyük diqqət göstəririk. Bəzi hallarda bu, bəzi xarici dairələri narahat edir. Hesab edirəm ki, narahatlığa heç bir əsas yoxdur. Əgər məsələ həllini sülh yolu ilə taparsa, əlbəttə ki, hərbi variantdan söhbət gedə bilməz. Ancaq artıq 20 ildən çoxdur ki, Azərbaycan torpaqları işğal altındadır. Azərbaycan vətəndaşları bu işğaldan, etnik təmizləmə siyasətindən əziyyət çəkirlər. Bu gün güclənən Azərbaycan tam əmindir ki, bu məsələ istənilən yolla öz həllini tapa bilər”.

Ordu quruculuğuna göstərilən diqqətin, hərbi xərclərin artırılmasının, Azərbaycanda yeni hərbi texnikanın istehsal olunmasının məsələnin ədalətli həlli üçün əlavə imkanlar yaradacağını deyən prezident bu gün Azərbaycanda ən müasir döyüş texnikasının istehsal olunduğunu diqqətə çatdırıb: “Artan iqtisadi imkanlarımız, enerji layihələrinin icrası nəticəsində əldə ediləcək əlavə gəlirlər əlbəttə ki, Azərbaycanı bu cəhətdən daha da gücləndirəcək. Məsələnin sülh yolu ilə həllini tapması üçün sadəcə olaraq, Ermənistan tərəfi beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrini qeyd-şərtsiz icra etməli, işğal olunmuş torpaqlardan çıxmalı, Azərbaycan vətəndaşları doğma torpaqlarına qayıtmalıdırlar. Ondan sonra bölgədə sülh və sabitlik yarana bilər.
Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükə mənbəyidir. Hamı yaxşı bilir ki, bu təhlükəni biz yaratmamışıq və bu münaqişədən ən çox əziyyət çəkən Azərbaycan tərəfidir. Mən ümid edirəm və əminəm ki, məsələ həllini tapacaq, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bu məsələnin həlli üçün başqa yol yoxdur, ola da bilməz. Azərbaycan xalqı və dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcək. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Dağlıq Qarabağda hazırda yaşayan insanlar və oraya mütləq qayıdacaq azərbaycanlılar muxtariyyət şəraitində yaşamalıdırlar. Bu, dünya praktikasında bəlli olan yanaşmadır və bütün məsələlər vahid Azərbaycan dövləti çərçivəsində həllini muxtariyyət statusu ilə tapmalıdır. Bir də demək istəyirəm ki, Azərbaycan bu prinsipial mövqedən dönməyəcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!