30 İyun, 2014
Restoranda biabırçılıq - FOTO

Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 9 ünvanında yerləşən fiziki şəxs Həsənov Yaşar Şahbaz oğluna məxsus “Çinarlı” restoranında göstərilən xidmətin standartların tələblərinə uyğunluğu araşdırılıb.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, yoxlamalar nəticəsində aşkar olunub ki, restoranda bir neçə gün qabaqcadan hazırlanmış qazan yeməkləri yenidən qızdırılaraq müştərilərə təqdim edilir. Müəssisədə hazırlanan “lülə” kababdan nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) sınaq laboratoriyasına təqdim edilib. Götürülən nümunənin müayinəsi nəticəsində kababın tərkibində ümumi mikroorqanizmlərin və bağırsaq çöpü qrupundan olan mikroorqanizmlərin sayının normadan kifayət qədər fərqləndiyi aşkar edilib. Həmçinin, müəssisədə yeməklərin hazırlanması zamanı hər hansı təsdiq edilmiş resepturadan istifadə olunmadığı, soyuducularda ərzaq məhsullarının saxlanılması zamanı mal qonşuluğuna riayət edilmədiyi, istismar olunan ölçmə vasitələrinin dövlət yoxlanışından keçirilmədiyi aşkar edilib. Bundan başqa müəssisədə realizasiyası həyata keçirilən müxtəlif növ alkoqollu və alkoqolsuz içkilərin, həmçinin, məhsul istehsalında istifadə edilən xamalların gigiyenik və uyğunluq sertifikatları, istifadə olunan heyvan ətinin baytarlıq müayinəsindən keçirildiyini təsdiq edən sənəd, hazırlanan yeməklərin sınaqlarının aparılması ilə bağlı müayinə protokolları, işçilərin tibbi müayinədən keçdiyini təsdiq edən sənədyoxlamaya təqdim edilməyib.

Aşkar edilən bu və digər nöqsanlarla bağlı restoran rəhbərinə inzibati protokol tərtib edilib, standartların tələblərinə uyğun gəlməyən məhsulların hazırlanması və satışı qadağan edilib.

Vüsal Qarayev




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!