19 Mart, 2011
7 ƏSGƏRİN QƏTLİNİN SƏBƏBLƏRİ BAYRAMDAN SONRA AÇIQLANACAQ -EKSKLÜZİV

Hərbi Prokurorluğun mətbuat xidməti: «Bayrama görə ictimaiyyətə açıqlama verilməsi məqsədəuyğun hesab edilməyib»

Fevralın 20-də Şəmkir Korpusunda baş verən 7 əsgərin qətli hadisəsinin istintaq hərəkətləri davam edir. Hadisənin baş vermə səbəblərilə bağlı ictimaiyyətə məlumat Novruz Bayramından sonra veriləcək. 

Respublika Hərbi Prokurorluğu mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, qarşıda bayram günləri olduğundan məlum qanlı faciənin istintaqındakı yeniliklər barədə açıqlama verilməsi məqsədəuyğun hesab edilməyib.

Şəmkir Korpusunun Göygöldəki hərbi hissəsində baş verən olayla bağlı Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun əməkdaşları birgə təhqiqat aparırlar. Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.

Qanlı olaydan dərhal sonra Ali Baş Komandan İlham Əliyevin qərarı ilə Şəmkir korpusunun komandiri Çingiz Şəfiyev tutduğu vəzifədən azad edilməklə yanaşı rütbəsi general-mayordan polkovnikə endirilib.

RUSLAN





Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!