19 Mart, 2011
“Lider” TV “Neftçi” klubu ilə əməkdaşlığa son qoydu

Qanunda tərəflərdən biri müqavilədə göstərilən prinsipləri pozarsa, onda anlaşma öz qüvvəsini itirir

Bu barədə apasport.az saytına açıqlamasında telekanalın idman redaksiyasının baş redaktoru Rövşən Məmmədov məlumat verib. Buna səbəb isə “ağ-qaralar”la imzalanan müqavilənin şərtlərinin pozulmasıdır.

Belə ki, “Neftçi” klubunun martın 8-də “Xəzər Lənkəran”la ölkə kubokunun 1/4 final mərhələsində Lənkərandakı cavab görüşünü “Lider” deyil, AzTV yayımlayıb. Bu isə telekanalın narazılığına səbəb olub.

“Bundan sonra cari mövsümdə “Neftçi”nin ev oyunlarını canlı yayımlamayacağıq. Çünki tərəflər arasında ötən il imzalanan, cari mövsümün sonu üçün nəzərdə tutulan müqavilənin şərtlərindən biri artıq pozulub. “Neftçi”nin ev oyununu başqa kanalın yayımlaması müqavilənin şərtlərinə uyğun deyildi. Bu səbəbdən də müqavilə biz tərəfdən xitam verilib” – deyə Məmmədov bildirib.

Baş redaktor bildirib ki, bu barədə artıq qarşı tərəf də məlumatlıdır: “Təbii ki, məsələ hüquqi müstəvidə həll olunur. Biz sivil ölkədə yaşayırıq, sivil qanunlar var. Qanunda tərəflərdən biri müqavilədə göstərilən prinsipləri pozarsa, onda anlaşma öz qüvvəsini itirir. Buna görə də əməkdaşlığa son qoyduq və digər məsələlərlə əlaqədar sənədləşmə, araşdırma gedir. Cari mövsümdə yalnız “Qəbələ” klubunun ev oyununu canlı yayımlamaqda davam edəcəyik”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!