25 İyun, 2014
“Microsoft” “OneDrive” servisini yenilədi

“Microsoft” Korporasiyası “OneDrive” servisinin yenilənməsini elan edib. Simsar.az-ın məlumatına görə yenilənmə çərçivəsində istifadəçilərə təqdim olunan pulsuz servisin həcmi  genişləndiriləcək, pullu servisin qiyməti aşağı salınacaq, “Office 365”-in abunəçiləri isə əlavə imkanlar əldə edəcək.

İndi “OneDrive”da pulsuz olaraq əvvəlki kimi 7 Qb deyil, 15 Qb-dək məlumatı saxlamaq mümkün olacaq.

“Office 365” abunəçiləri üçün “OneDrive” servisindəki saxlanma yeri 1 Tb-dək artırılacaq.

Onun istifadə qiyməti aşağıdakı kimi olacaq:

Şəxsi “Office 365” üçün ayda 6,99 dollar

Ev üçün “Office 365”– ayda 9,99 dollar (5 istifadəçiyədək, saxlanma yerinin ümumi həcmi 5 Tb)

Tələbələr üçün “Office 365” – 4 il üçün 79,99 dollar

Pullu saxlanma yerinin qiyməti bütün dünyada azalacaq və aşağıdakı kimi təşkil edəcək:

100 Qb üçün ayda 1,99 dollar.

Sözügedən servisdən yararlanmaq üçün dostlarını dəvət edən “OneDrive” istifadəçiləri əvvəlki kimi 55 Qb-dək pulsuz saxlanma yeri əldə edəcək (hər dəvətə görə 500 Mb). Bundan başqa, istənilən qurğuda fotoşəklin “bulud”a yüklənməsinin avtomatik aktivləndirmə funksiyasından sonra “OneDrive” əlavə 3 Qb təqdim edir.

Xatırladaq ki, “OneDrive” internet-hostinq sənədlər, fotoşəkillər, videolar və digər faylları “bulud”da saxlamaq və istənilən qurğuda onları açmaq imkanını yaradır. Bütün son yeniliklərdən yaxın həftələr ərzində istifadə etmək mümkün olacaq.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!