23 İyun, 2014
Qənirə Paşayeva: “Türk Dünyası İraq Türkmanlarına dəstəyi artırmalıdır”

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva  “Azərbaycandan  Anadoluya  könül  körpüsü” layihəsi tədbirlərində iştirak etməkçün ölkəmizdə səfərdə olan İraq türkmanlarının tanınmış nümayəndəsi, Kərkük Kültür Dərnəyinin rəhbəri, araşdırmaçı-yazar Şəmsəddin Kuzəçi ilə görüşüb. Rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnistutu” İctimai Birliyinin həyata keçirdiyi tədbirlər, o cümlədən Ş.Kuzəçinin də iştirakçısı olduğu son layihə barədə danışan millət vəkili bu tip layihələrin, görüşlərin qardaşları daha da doğmalaşdırdığını deyib. O, qeyd edib ki, “İraq bizim “İraqlı azərbaycanlılar” dediyimiz türkmanlar vəsiləsi ilə Azərbaycana doğma ölkələrdəndir. Son günlər İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı bizi də dərindən narahat edir. Bu hadisələr zamanı qətlə yetirilmiş türkman qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Bu kimi halların təkrarlanmamasını istəyirik. Evlərini tərk etmək məcburiyyətində qalan qardaş-bacılarımız da bizi ciddi narahat edir. Biz İraq mərkəzi hakimiyyət orqanlarının hər bir İraq vətəndaşı kimi, türkmanların haqq və hüquqlarını müdafiə etməyə borclu olduğunu, bununçün beynəlxalq güclərin, İraqa qonşu ölkələrin, Türk Dünyasının da mənəvi məsuliyyət daşıdığını bilir, daha böyük faciələr yaşanmadan vəziyyətin nəzarət altına alına biləcəyinə ümid edirik. Hər zaman İraq türkmanları qardaşlarımızın yanındayıq və bütün Türk dünyasını İraqdakı soydaşlarımıza dəstəyə çağırırıq”.

İraqda son vəziyyət, türkmanların gərgin günlər yaşaması və hazırda baş verən hadisələr, getdikcə daha da artan narahatlıqlar barədə danışan Şəmsəddin Kuzəçi Türk dünyasının, Türk dövlət və toplumlarının İraq türkmanlarına bu narahat günlərdə dəstək, diqqət və qayğısını daha da artıracağını gözlədiklərini və buna çağırdıqlarını deyib. O, bildirib ki, İraq türkmanlarının həm birbaşa dəstəyə, həm də onların səsinin beynəlxalq ictimaiyyətə, təşkilatlara daha geniş və ciddi şəkildə duyurulması istiqamətində dəstəyə ehtiyacı var. Azərbaycanın hər zaman İraq türkmanlarına böyük diqqət göstərdiyini deyən Kərkük Kültür dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi Azərbaycanla İraq türkmanları arasında humanitar istiqamətdə layihələrin də daha da artmasının önəmi barədə fikir və təkliflərini bildirib. Q. Paşayeva Azərbaycanın hər zaman Türk dünyası, İraq türkmanları ilə bağlı məsələlərə həssaslıqla yanaşdığını deyərək, Türk dünyası, Türk dövlət və toplumlarının İraq türkmanlarına dəstək istiqamətində qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşdüyünü deyərək onların da dəstək və səylərini artırmalarının vacibliyini vurğulayıb.

Görüşün sonunda millət vəkili Kərkük Kültür dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçiyə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib. Şəmsəddin Kuzəçi də öz növbəsində Q. Paşayevaya İraq türkmanlarının tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı material, kitab və filmlərlə yanaşı İraq Türkmanlarının bayrağını da hədiyyə edib. Bayrağı öpən millət vəkili Qənirə Paşayeva bu hədiyyəni indiyədək aldığı ən dəyərli hədiyyələrdən hesab etdiyini deyərək təşəkkür edib və bundan sonra əlindən gələn dəstəyi əsirgəməyəcəyini bildirib.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!