18 Mart, 2011
Nəriman Həsənzadə “Seçilmiş əsərləri”ni təqdim edir

Kitablarda şairin müxtəlif illərdə qələmə aldığı şeirlər, poemalar, pyeslər və nəsr əsərləri toplanıb

Martın 29-da M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin və kitabxananın təşkilatçılığı ilə xalq şairi Nəriman Həsənzadənin 80 illik yubiley tədbirləri çərçivəsində şairin 7 cilddə nəşri nəzərdə tutulan “Seçilmiş əsərləri”nin yeni çapdan çıxmış 4 cildinin təqdimatı keçiriləcək.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, “CBS” nəşriyyatında nəfis şəkildə buraxılan kitablarda şairin müxtəlif illərdə qələmə aldığı şeirlər, poemalar, pyeslər və nəsr əsərləri toplanıb.

Qeyd edək ki, Nəriman Həsənzadə ötən əsrin 50-ci illərində ədəbiyyata gəlib, 30-dan artıq kitabı nəşr edilib. O, “Zümrüd quşu”, “Nəriman”, “Kimin sualı var”, “Nuru Paşa” kimi poemalarla yanaşı, dramaturgiya sahəsində də qələmini sınayıb, “Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü” və s. mənzum pyesləri ölkəmizin aparıcı teatrlarında tamaşaya qoyulub. Uzun illər “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru, Mətbuat və İnformasiya nazirinin müavini vəzifələrində işləyib, Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub, ali təhsil ocaqlarında dərs deyib. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiridir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!