17 Mart, 2011
Mətbuata həmişə pul verilir

Azay Quliyev : "“Diffamasiya haqqında” qanunun qəbul edilməsinə maneə görmürəm"

Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev “Beynəlxalq Amnistiya” (Amnesty İnternational) təşkilatının Avropa və Mərkəzi Asiya proqramının direktor müavini Con Dalhusen və proqramın tədqiqatçı eksperti Nataliya Nozadze ilə görüşüb. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, C. Dalhusen Azərbaycanda “Diffamasiya haqqında” qanun layihəsinin müzakirəsi və qəbulu məsələləri ilə maraqlandığını açıqlayıb. 

A. Quliyev deyib ki, “Diffamasiya haqqında” qanun layihəsi ATƏT-in Bakı ofisinin dəstəyi ilə millət vəkilləri, jurnalist təşkilatlarının nümayəndələri və hüquqşünasların daxil olduğu işçi qrup tərəfindən 2006-cı ildə hazırlanıb və ciddi müzakirələrə səbəb olub. Yaxın vaxtlarda “Diffamasiya haqqında” qanun layihəsinin Milli Məclisin müzakirəyə çıxarılmasına və qəbul edilməsinə heç bir maneə görmədiyini bildirən A. Quliyev dövlətin medianın inkişafına qayğı göstərdiyini, KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması ilə siyasi platformasından asılı olmayaraq ölkənin aparıcı media qurumlarının dövlət büdcəsindən maddi dəstək aldığını söyləyib. O, rəhbərlik etdiyi şuranın da medianı təmsil edən bir çox QHT-lərə mütəmadi maliyyə yardımları ayırdığını vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!