14 İyun, 2014
5 GB tutumlu fayl 11 saniyəyə ötürülə biləcək

Mobil şəbəkədə “LTE” standartının yeni modifikasiyasının sınağı keçirilib. Simsar.az-ın məlumatına görə Finlandiyanın “Nokia” şirkəti və Cənubi Koreyanın “SK Telecom” mobil rabitə operatoru mobil şəbəkədə 5 GB tutumlu faylı 11 saniyəyə ötürməyə imkan verən “LTE” standartının yeni modifikasiyasının sınağını keçirib.

Bu yaxınlarda şirkətlər texnoloji işləmələr və genişzolaqlı mobil internet texnologiyaları sahəsində tərəfdaşlıq sazişi imzalayıb. Hazırda isə “Nokia” və “SK Telecom” “LTE-Advanced” standartının modifikasiyası olan yeni rabitə formatını sınaqdan keçirərək məlumatların 3,78 Qbit/saniyə sürətində ötürülməsinə nail olduqlarını bəyan ediblər. Xatırladaq ki, “LTE-A” məlumatları 300 Mbit/saniyə sürətində ötürməyə imkan verdiyi halda “LTE” bunu 150 Mbit/saniyəyə edir.

Bununla yanaşı, şirkətlər qeyd edirlər ki, keçirilmiş sınaq laboratoriya şəraitində baş tutmaqla rabitə seansı üçün qəbuledici və ötürücü 200 MHs dalğasında 10 spektral kanalda yer alıb. Praktikada mobil rabitənin hər genişzolaqlı mobil internet abunəçisinə məlumatların qəbulu və ötürülməsi üçün 10 kanalın ayrılması xüsusilə mobil rabitənin daha çox istifadə olunduğu şəhərlərdə qeyri-mümkün məsələ hesab edilir. “Nokia” və “SK Telecom”un sınaqlarında "FDD” və “TDD LTE” texnologiyalarından istifadə olunub.

Tərəflərin birgə bəyanatında deyilir ki, praktikada abunəçilərin 3,78 Qbit/saniyə sürəti əldə edəcəkləri real görünməsə də, texnologiyanın inkişafı öz-özlüyündə genişzolaqlı mobil internetin genişlənməsində irəliyə atılmış addım hesab edilə bilər.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!