13 İyun, 2014
Çin “M2M” birləşmələrinin sayına görə liderdir

Simsar.az-ın məlumatına görə “GSM Association” (GSMA) təşkilatı 2013-cü ilin yekunları üzrə dünya “M2M” birləşmələri bazarının həcmini qiymətləndirib.

Bildirilir ki, 2013-cü ilin sonunda dünyada “M2M” birləşmələrinin sayı 189 milyona çatıb ki, bunun da 40 faizi Asiya regionunun payına düşüb. Belə ki, 2010-2013-cü illərdə burada “M2M” birləşmələrinin sayında 55 milyon artım qeydə alınıb.

Hazırda ən iri “М2М” bazarı “M2M” birləşmələrində payı 50 milyon və ya 27 faiz təşkil edən Çindir. Son üç ildə bu ölkədə “M2M” birləşmələrinin sayı 39 milyon artıb.

Analitiklər qeyd edirlər ki, Çində “М2М” xidmətlərinə tələbatın artmasına aparıcı mobil rabitə operatorlarının (China Mobile, China Unicom və China Telecom), dövlət müəssisələrinin və hakimiyyət orqanlarının sıx əməkdaşlığı səbəb olub. “М2М” servislərinə xüsusilə nəqliyyat və energetika sahələrində ehtiyac duyulur. Bundan başqa, avtomobil sənayesi, səhiyyə, pərakəndə satış şəbəkələri və s. sahələrə aid “М2М” birləşmələrində artım qeydə alınıb.

Məlumat üçün bildirək ki, “М2М” (Machine-to-Machine) qurğulara bir-biri ilə informasiya mübadiləsi etməyə və ya onu birtərəfli qaydada ötürməyə imkan verən kompüterlərarası əlaqə texnologiyasının ümumi adıdır. Bu, müxtəlif monitorinq sistemləri, terminallar, təhlükəsizlik, mühafizə, səhiyyə, telemetriya və s. sistemləri ola bilər.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!