16 Mart, 2011
Fəzail Ağamalıya qarşı bəyanat

Tələbə Gənclər Təşkilatları İttifaqının departament rəhbəri deputatın fikirlərini absurd adlandırdı

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Beynəlxalq Əlaqələr Departamentinin direktoru Rəna İbrahimova Milli Məclisin deputatı Fəzail Ağamalının Milli Məclisin sonuncu iclasında səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb. APA-nın xəbərinə görə, bəyanatda deyilir ki, F. Ağamalının çıxışı ali təhsil müəssisələrinin imicinə mənfi təsir göstərə və Azərbaycan tələbəsinin adını ləkələyə bilər: “Guya bir sıra tələbələr Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universitetinə böyük məbləğdə pul qarşılığında dolayı yollarla qəbul olub. Bildirmək istərdim ki, həmin universitetlər nəinki Azərbaycanda, həm də regionda kifayət qədər nüfuzlu ali təhsil müəssisələridir. Doğrudur ki, bəzi ali təhsil müəssisələrində müəyyən problemlər mövcuddur. Lakin bu problemlər millət vəkilinin dediyi qədər əsassız və mifoloji səviyyədə deyil. Ölkədə inkişafın və islahatların getdiyi bir dövrdə kiçik bir partiyanın rəhbərinin öz deputat toxunulmazlığından istifadə edərək bu cur absurd fikirlər söyləməsi özünüreklamdan başqa bir şey deyil. Onun heç bir fakta söykənməyən bu əsassız iddialarını qətiyyətlə qınayıram və həmin fikirlərini əsaslandırılmasını istəyirəm”.

R. İbrahimova hesab edir ki. F. Ağamalı cəmiyyətdə nüfuzunu artırmaq, özünün və partiyasının gündəmdə qalması üçün reklam xarakterli pafoslu çıxışlardansa, əsaslı dəlillərlə və faktlarla müvafiq dövlət qurumlarına müraciət edərsə, cəmiyyət üçün daha faydalı iş görmüş olar: “Gənclər Təşkilatına malik olmayan partiyanın tələbə-gənclərin problemləri haqqında danışması ancaq ikrah hissi doğurur. Səmərəli təkliflərdən, ictimai işlərdən və cəmiyyətin inkişafına yönələn təşəbbüslərdən uzaq duran kiçik bir partiya sədrinin bəyanatı bu partiyanın və onun sədrinin reallıqdan nə qədər uzaq olduğunu nümayiş etdirir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!