16 Mart, 2011
BMT - dən "Liviyaya zərbələr endirək" tələbi edildi

Fransa, Böyük Britaniya və Livan quruma qətnamə layihəsi təqdim edib

Qəddafinin oğlu: 48 saatdan sonra qiyamçıların işi bitəcək

 

Fransa, Böyük Britaniya və Livan BMT Təhlükəsizlik Şurasına Liviyaya dəqiq zərbələr endirilməsini nəzərdə tutan qətnamə layihəsi təqdim edib. 

Simsar.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın xarici işlər naziri Alen Jyupen öz bloqunda yazıb. 

Alen Jyupen yazıb ki, Liviyadakı Müəmmər Qəddafi rejiminə qarşı əvvəllər qəbul edilmiş iqtisadi və siyasi sanksiyalar lazımdır, ancaq bu sanksiyalar yalnız bir neçə ay sonra təsirini ortaya qoyacaq. Fransız nazirin sözlərinə görə, Liviya diktatoru müxalifətə qarşı onlarla təyyarə və vertolyotdan istifadə etməklə balansı pozub və onları dəqiq zərbələrlə neytrallaşdırmaq mümkündür.

Alen Jyupen bildirib ki, Fransa prezidenti və Böyük Britaniyanın baş naziri BMT Təhlükəsizlik Şurasından bu qətnamə layihəsinə baxmağı və onu qəbul etməyi xahiş edib.

 

Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ordunun qiyamçıların mərkəzi sayılan Benqazi şəhərinə yaxınlaşdığını söyləyib. Simsar.az-ın “Euronews” telekanalına istinadən verdiyi məlumata görə, Seyf əl-İslam deyib ki, 48 saatdan sonra hər şey sona çatacaq, qiyamçıların işi bitəcək.

Liviya səmasında uçuşlara qadağa qoyulması barədə mümkün qərara gəlincə, Seyf əl-İslam qeyd edib ki, bununla bağlı istənilən qərar gecikib, çünki artıq hərbi əməliyyatlar başa çatır. Bu arada Liviyada müxalifət də özünü itirib. Qiyamçıların liderlərindən biri bildirib ki, Qərb köməkdən imtina etməklə onları satdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!