5 İyun, 2014
Azərbaycan-Qırğızıstan əlaqələri güclənir

Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov Qırğızıstan parlamenti – Joqorku Keneşin sədri Asılbek Jeenbekovla görüşüb

Simsar.az xəbər verir ki, Azərbaycanın son illərdə qazandığı uğurlarından söz açan A.Jeenbekov iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb və iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb.

Mədəniyyət sahəsində əməkdaşlığa toxunan parlamentin sədri son vaxtlar bu istiqamətdə mühüm işlərin görüldüyünü qeyd eedib. O, ötən ilin dekabrında Bakıda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsini, Bişkekdə Azərbaycanın Xalq Yazıçısı Anarın yaradıcılıq gecəsinin təşkilini müsbət hal kimi dəyərləndirib.

Parlamentin sədri Azərbaycan və qırğız xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində xüsusi xidmətləri olmuş ulu öndər Heydər Əliyevin adına Bişkekdə parkın salınması qərarını təqdir edib, bunu obyektiv reallıq kimi qiymətləndirib.

Səmimi sözlərə görə Asılbek Jeenbekova təşəkkürünü bildirən səfir Hidayət Orucov son vaxtlar Azərbaycan ilə Qırğızıstan parlamentləri arasında əlaqələrin genişləndirilməsindən söz açmış və iki ölkə arasında hərtərəfli əməkdaşlığın daha da yüksəldilməsinin vacibliyini vurğulayıb.

Diplomat Azərbaycan-Qırğızıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının iclasına hazırlıqdan da söhbət açıb və deyib ki, bu ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə təkan verəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!