“Keçən il 352 layihəni maliyyələşdirmişik. Mətbuatda monitorinq aparaq, görək bu layihələrin nə qədəri mətbuatda işıqlandırılıb”
Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “QHT fəaliyyətinin keyfiyyət standartları və sertifikatlaşdırma modeli” işçi sənədinin təqdimatını keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən şuranın sədri Azay Quliyev bildirib ki, bu standartlar QHT-lər tərəfindən araşdırılıb öyrənilməlidir: “Birinci iki ildə bu standartlar könüllülük prinsipi əsasında olacaq. Gələcəkdə çalışacağıq ki, standartlara riayət edən QHT-lərə maliyyə ayıraq. Yaxın vaxtlarda şura tərəfindən QHT-lər üçün standartların mənimsənilməsinə dair təlim də təşkil olunacaq”.
A. Quliyev QHT sektorunun bir çox sahələrdə ciddi islahatlara ehtiyacı olduğunu, QHT-lərin hələ də tələblərə cavab vermədiyini vurğulayıb. O, bir çox QHT-nin qrant almaq məqsədilə yaradıldığını deyib: “Keçən il 352 layihəni maliyyələşdirmişik. Mətbuatda monitorinq aparaq, görək bu layihələrin nə qədəri mətbuatda işıqlandırılıb”.
Sonra şuranın eksperti İlqar Ağasıyev standartların təqdimatını keçirib. Qeyd olunub ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının nəzdində Keyfiyyət standartları üzrə sertifikatlaşdırma komissiyası yaradılacaq. Komissiyanın üzvləri şuranın iclasında səs çoxluğu ilə təsdiq ediləcək.