16 Mart, 2011
Xankəndində inşa olunan aeroporta enən təyyarələr vurula bilər

Arif Məmmədov: "Beynəlxalq Mülki Aviasiya Təşkilatına xəbərdarlıq göndərilib"

Rəsmi Bakı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xankəndi şəhərində ermənilərin inşa etdiyi hava limanına uçuşlar edən təyyarələri məhv edə bilər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov bildirib.

Ermənilərin Xankəndi şəhərində yeni hava limanı inşa etməsi barədə məlumatlı olduqlarını deyən administrasiya rəhbəri, bununla bağlı qabaqlayıcı tədbirlərə başladıqlarını da vurğulayıb. Artıq ötən ilin oktyabr ayında ADMAA bununla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) da xəbərdarlıq göndərib.

“Biz bildirdik ki, Qarabağ üzərində hava məkanımız bağlıdır. “Aviasiya haqqında” qanuna əsasən hətta ora uçan təyyarələrin fiziki cəhətdən məhv edilməsi də mümkündür”, - deyə A. Məmmədov vurğulayıb.

Administrasiya direktoru əlavə edib ki, İCAO rəhbəri Azərbaycan tərəfinə məktub ünvanlayaraq bəzi konvensiyalara qoşulmağı, bölgədə xoşagəlməz halın baş verməməsi üçün səylər göstərməyi tövsiyyə edib: “Müdafiə Nazirliyi ilə razılaşdıraraq biz İCAO-ya yenə yazdıq ki, bu hava məkanı bağlıdır və Azərbaycan Hərbi Hava Qüvvələrinin ixtiyarındadır. Ona görə də lazım olmayan hadisələrin baş verməməsi üçün indidən qarşı tərəfə xəbərdarlıq edin. İCAO-da mənim məktubumu Ermənistan tərəfinə göndərib”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!