16 Mart, 2011
Mehriban Əliyeva Türkiyə səfiri ilə görüşdü

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıçla görüşüb 

Diplomatı Heydər Əliyev Fondunda salamlamaqdan məmnun olduğunu bildirən Mehriban Əliyeva Azərbaycan ilə Türkiyənin dərin köklərə malik sarsılmaz qardaşlıq əlaqələrinin xalqlarımızın və ölkələrimizin birgə maraqlarına xidmət etdiyini vurğulayıb. 

Digər sahələrdə olduğu kimi, humanitar sahədə də əməkdaşlığın faydalı olacağından əminliyini bildirən Azərbaycanın birinci xanımı gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsi üçün Fondun açıq olduğunu diqqətə çatdırıb. Mehriban Əliyeva bildirib ki, Heydər Əliyev Fondu əməkdaşlığa hər zaman hazırdır.

Öz növbəsində səfir Hulusi Kılıç Heydər Əliyev Fondunun həyata keçirdiyi möhtəşəm layihələrdən xəbərdar olduğunu, ölkəsində bu fəaliyyətin yüksək qiymətləndirildiyini və qürur hissi doğurduğunu vurğulayıb. Əməkdaşlığın perspektivlərinə toxunan səfir qarşılıqlı fəaliyyətin qardaş ölkələrimizin inkişafına sanballı töhfələr verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Səfir ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladaraq Fond ilə əməkdaşlığın xalqlarımızın münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!