15 Mart, 2011
Aybəniz Haşımova studiya açdı

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova “Aura” adlı yeni musiqi studiyası qurub 

Simsar.az-ın məlumatına görə, müğənninin sənət yoldaşları, media nümayəndələri və “Bülbüllər” qrupunun iştirakı ilə bu gün studiyanın açılışı olub. Açılışda xalq artisti Niyaməddin Musayev, Cavanşir Məmmədov, Yusif Mustafayev, Samirə və digər sənətçilər iştirak ediblər. Müğənni deyib ki, yeni məkanda ən yaxşı musiqilər keyfiyyətli şəkildə yazılacaq: “Artıq müğənnilərimiz mahnını yaxşı şəkildə yazdırmaq üçün ölkə xaricinə getməyə məcbur qalmayacaqlar”. 


Tədbirdə iştirak edən Cavanşir Məmmədov yüksək texnika ilə təchiz olunan studiyada qiymətlərin olduqca münasib olduğunu xüsusi vurğulayıb: “Adətən sənətçi deyəndə hamı düşünür ki, onlar varlı təbəqədir. Vallah, sənətçinin çox pulu olmur. Aybəniz xanım da bunu bildiyindən studiyada səsyazmanın qiymətlərini münasib şəkildə balanslaşdırıb”.


Aybəniz Haşımova isə studiyaya saat qoyulmadığını zarafatla əlavə edib: “Sənətçi ki, saatbaşına studiyaya girdi, gözü saatda qalacaq, nə oxuduğunu da bilməyəcək. Ona görə də biz studiyadan saatı yığışdırmışıq”.


Müğənni onu da əlavə edib ki, studiyaya səs yazdırmaq üçün gələnlər böyük komanda şəklində çalışacaqlar. İfaçının yanında aranjemançılar və canlı ansamblın da iştirak etmə imkanı olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!