21 May, 2014
“Vahid Türk tarixi” kitabı nəşrə hazırlanır

Astanada fəaliyyət göstərən Türk Akademiyası türk dünyasının tarixinin yazılması ilə bağlı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə qəbul olunmuş qərarın icrasına hazırlaşır. 
Bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Halil Akıncı xəbər verib.
H.Akıncının sözlərinə görə, yaxın zamanlarda vahid türk tarixi kitabı üzərində işə başlanılacaq və bu Türk Akademiyasının ilk genişmiqyaslı layihəsi olacaqdır.
Baş katib bildirmişdir ki, türk dünyasının böyük mütəfəkkiri Mirzə Fətəli Axundzadənin irəli sürdüyü ortaq türk əlifbası ideyasını həyata keçirmək üçün təşəbbüslər olsa da, bu işə sistemli və məqsədli şəkildə yalnız son illər başlamaq mümkün olmuşdur. Bununla yanaşı, ortaq dilin formalaşdırılması və ortaq tarixin yazılması istiqamətində araşdırmalara başlanılıb.
“Türk yazısı bu gün xeyli geri qalıb. Təəssüflə deməliyəm ki, indiyədək türk tarixi başqaları tərəfindən yazıldığından bu qəbul oluna bilməz. XIV əsrdən başlayaraq Avropa mərkəzli bir tarix yazılmış və türklərin tarixdəki roluna kölgə salınıb. Türk Akademiyası bütün bu yanlışları ortadan qaldıra biləcək bir qurumdur. Əslində bu çətin bir iş deyildir. Çünki yüzillər öncə qələmə alınmasına baxmayaraq, “Divani-lüğət-it-türk” bu baxımdan çox əlverişli bir mənbədir. Oradakı sözlərin demək olar ki, hamısı müxtəlif türk dillərində istifadə olunaraq, ortaq dilin bazasını formalaşdırmaqdadır. Ən önəmlisi, hər şeydən öncə ortaq tarix dərsliyi yazılmalı və tədris olunmalıdır” – deyə H.Akıncı vurğulayıb.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!