12 Mart, 2011
Qanunsuz ovla məşğul olan 5 nəfər saxlanılıb

Saxlanılanlardan üç ədəd ov tüfəngi götürülüb

Martın 4-dən 10-unadək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib. Bu barədə məlumat Simsar.az -ın nazirliyin mətbuat xidmətindən verilib.

Qızılağac Dövlət Təbiət Qoruğunda keçirilən reyd zamanı qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon Qızılağac kənd sakini Musabala Əliyev saxlanılıb və ondan 1 taxta qayıq, 1 taxta qayıq avarı, 1 elektrik gücləndiricisi, 1 akkumlyator və 13 külmə balığı aşkar edilərək götürülüb. Həmin şəxs barədində müvafiq qaydada akt tərtib olunub və əməlində cinayət tərkibi olduğu üçün tərtib edilmiş sənədlər Su Nəqliyyatında Lənkəran Rayon Xətt Polis Şöbəsinə göndərilib.

Mahmudçala Ovçuluq Təsərrüfatı ərazisində qanunsuz ovla məşğul olan Biləsuvar rayonu Bəydili kənd sakini Nicat Əzizov və Xırmandalı kənd sakini Şahin Kazımov saxlanılaraq hər birindən 1 ədəd ov tüfəngi götürülüb. Həmin şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunublar.

Zaqatala rayonu Donbabinə kəndinin “Qırğıllıbinə” adlanan sahəsində də qanunsuz ovla məşğul olan Zaqatala rayon Masxarabinə kənd sakini Kazım İmamhüseynov saxlanılıb. Ondan 1 ov tüfəngi götürülərək akt və protokol tərtib olunub və həmin şəxs 1000 manat məbləğində cərimə edilib.

Oğuz rayonu ərazisində keçirilən reyd zamanı Sincan kənd sakini Mehman Abdulqədirov qanunsuz ov edərkən saxlanılıb və ondan 1 ov tüfəngi götürülüb. Həmin şəxs barəsində akt və protokol tərtib edilib və 1000 manat məbləğində cərimə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!