12 Mart, 2011
Yaponiyada zəlzələ qurbanlarının sayı 2500 nəfərə çatıb

Rəsmi qurumlar sunami bölgəsində 900-dən çox insanın öldüyünü təsdiqləyiblər

Tokio-APA. Yaponiyada zəlzələ qurbanlarının sayı hər saat artmaqdadır. APA-nın məlumatına görə, bir qədər əvvəl Yaponiya Baş Polis İdarəsi təbii fəlakət nəticəsində ölən və itkin düşənlərin sayına dair növbəti rəqəmi açıqlayıb. Rəsmi məlumata əsasən, 8,9 bal gücündə zəlzələ nəticəsində 900-dən artıq insan ölüb, 1600 nəfər isə itkin düşüb. İnsan tələfatı əsasən sunami baş verən ərazilərdə qeydə alınır. Yerli kütləvi informasiya vasitələri təbii fəlakət qurbanlarının sayının hər an arta biləcəyini vurğulayırlar. 

Zəlzələ və sunamidən daha çox Miyaqi, İvate və Fukusima prefekturaları zərər çəkib. Altı prefekturada isə güclü yanğınlar qeydə alınıb. Tiba prefekturasının paytaxtı yaxınlığında neft emalı zavodu və qaz anbarında güclü yanğın davam edir. Senday şəhərinə də güclü ziyan dəyib. Senday beynəlxalq hava limanı su altında qalıb, Sanriku şəhərində isə suyun səviyyəsi üçmərtəbəli binaları keçib. Bu şəhərdə dəniz limanı tamamilə dağılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!