12 Mart, 2011
9 boksçumuz finalda

Bakı İdman Sarayında keçirilən boks üzrə “Böyük İpək Yolu” turnirində finalçıların adları məlum olub

Simsar.az-ın məlumatına görə, Azərbaycan boksçularından 9-u həlledici görüşdə mübarizə aparmaq hüququ əldə edib. Onlardan yalnız dördü böyüklərdən ibarət milli komandamızın üzvlüdür. Digər idmançılar isə gənc və perespektivli boksçular kimi yarışa buraxılıblar. Üç çəki dərəcəsində - 60 kq, 75 kq və +91 kq-da finalda Azərbaycan idmançıları təmsil olunmayacaqlar. Ən aşağı çəkidə finala Elvin Məmişzadə (49 kq) yüksəlib. 52 kq çəki dərəcəsində finalda indiyədək böyüklər arasında yarışlarda iştirak etməmiş 2 gənc boksçumuz – Ramal Yusifzadə və Tural Əhmədov üz-üzə gələcək. Bundan başqa, 81 kq çəki dərəcəsində də həlledici qarşılaşmaya 2 həmyerlimiz – Ramil Əliyev və Vətən Hüseynli vəsiqə qazanıb. Eyni zamanda Rəhim Nəcəfov (56 kq), Anar Cəfərov (64 kq), Emil Əhmədov (69 kq) və Teymur Məmmədov (91 kq) həlledici döyüşlərin iştirakçıları olacaqlar. 

Qeyd edək ki, Ramil Əliyev yarımfinalda rusiyalı dünya və Avropa çempionu Yeqor Mexontsevi (81 kq) məğlubiyyətə uğradıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!