11 Mart, 2011
Yaponyadakı zəlzələdə yerlilərimiz xəsarət almayıb

Səfir Azər Hüseyn: "Əməkdaşlarımızın həyatı üçün heç bir təhlükə yoxdur"

Yaponiyada baş verən zəlzələdə Azərbaycan vətəndaşlarının zərər çəkməsi barədə səfirliyimizə məlumat daxil olmayıb. Bu barədə APA-ya Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseyn məlumat verib. Onun sözlərinə görə, səfirlik işini normal rejimdə davam etdirir və səfirliyimiz binası və əməkdaşları üçün heç bir təhlükə yoxdur: “Vətəndaşlarımız müraciət edərsə, onlara kömək etməyə hazırıq. Lakin hələlik biz müraciət daxil olmayıb. Biz artıq Tokioda olan Azərbaycan vətəndaşları ilə əlaqə saxlamışıq, onların arasında xəsarət alan yoxdur”.
Səfir baş verən təbii fəlakətlə əlaqədar ölkədə telefon rabitəsində müəyyən problemlərin yarandığını, mobil rabitənin isə ümumiyyətlə işləmədiyini deyib: “Hazırda bütün telekanallarda vətəndaşlara zəlzələ zamanı nə etmək barədə təlimat yayımlanır, sunami təhlükəsi elan olunub. Artıq sahilyanı bölgələrdən əhalinin evakuasiyasına başlanıb. Sunami dalğası bəzi rayonlara çatıb, lakin Tokioda sakitlikdir, xüsusi bir dağıntı yoxdur”.
Səfir Yaponiyada 50-dək Azərbaycan vətəndaşının yaşadığını, onların əksəriyyətinin Tokioda məskunlaşdığını deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!