11 Mart, 2011
“ƏRƏB İNQİLABLARI QAFQAZA GƏLƏCƏK, AZƏRBAYCANA YOX”

Adil Əliyev: “Hansısa neqativ proses ölkəmizə ixrac oluna bilməz”

“Nə bu gün, nə də sabah heç nə olan deyil. Azərbaycanda hamı öz iş gücü ilə məşğuldur. Camaat səhər işə, axşam evinə gedir, gündəlik qayğıları ilə məşğul olur. Bu ölkədə kimlərinsə eyforiyaya qapılması adamda təəccüb doğurur. Ərəb inqilabları Qafqaza gələcək, ancaq Azərbaycana yox, Ermənistana və Rusiyaya. Çünki ancaq bu ölkələri ərəb ölkələri ilə müqayisə etmək olar. Bizim ölkəmizə isə nəninki ərəb ölkələrindən, dünyanın heç bir yerindən hansısa neqativ proses ixrac oluna bilməz” . 

Bu sözləri Simsar.az-a açıqlamasında Milli Məclisin üzvü Adil Əliyev son günlər ölkədə bir qrup gəncin sosial şəbəkələrdə siyasi çağırışlarına münasibət olaraq bildirib.  

Onun sözlərin görə, Azərbaycan açıq və demokratik ölkə olduğu üçün burada hansısa gizli fəaliyyətdən, virtual mübarizə metodlarından yararlanmaq effekt verməyəcək. Millət vəkili hər kəsin öz fikrini ifadə etməkdə sərbəst olduğunu, ona görə də hansısa virtual məkana çəkilməyin gərəksiz məşğuliyyətə çevrildiyini vurğulayıb.

A.Əliyev seçiciləri arasında bir nəfərin belə bu aksiyalarda iştirak etmədiyini qeyd edib: “Bir neçə nəfər narazı adamın bütün xalqın adından danışmağa ixtiyarı yoxdur. Şəxsən, mənim seçicilərim arasında bu prosesdə heç kim iştirak etmir. Mən özüm onların mövqeyini bilirəm”.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!