11 Mart, 2011
Beyindən beyinə yollar

Rusiya ilə Azərbaycan arasında növbəti əməkdaşlıq

Martın 14-də Moskvada Rusiya Strateji Araşdırmalar İnstitutu (RİSİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında əməkdaşlığa dair Memorandum imzalanacaq.

SAM-dan Milli.Az xəbər portalına daxil olan məlumata görə, Memorandumun imzalanmasında əsas məqsəd Rusiya-Azərbaycan münasibətləri, beynəlxalq siyasət, regionda geosiyasi vəziyyətə dair iki ölkənin aparıcı “beyin mərkəzləri” ekspertlərinin azad fikir mübadiləsi aparması üçün şəraitin yaradılmasıdır.

Bu məqsədlə SAM-ın direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti martın 13-də Moskvaya yola düşəcək. Martın 14-də Azərbaycan və Rusiyanın “beyin mərkəzləri” arasında Memorandumun imzalanmasından sonra RİSİ-də “Qafqazda təhlükəsizliyin təminatında Rusiya və Azərbaycanın rolu” mövzusunda dəyirmi masa keçiriləcək.

Rusiyanın tanınmış siyasi ekspertləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi toplantıda iki ölkə arasında mövcud siyasi, iqtisadi və mədəni əlaqələrə nəzər yetiriləcək və münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.

Martın 15-də isə SAM nümayəndə heyəti Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təşkil olunacaq “Cənubi Qafqaz kontekstində Rusiya-Azərbaycan münasibətləri” mövzusunda növbəti tədbirdə iştirak edəcək.

Səfər çərçivəsində SAM nümayəndə heyəti tanınmış rusiyalı ekspertlərlə görüş keçirəcək və bir sıra regional əhəmiyyətli strateji layihələr ətrafında geniş müzakirələr aparacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!