30 Aprel, 2014
Elektron imza xidmətləri üçün - YENİ TARİFLƏR

Simsar.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, yeni tariflərə əsasən, elektron imzanın qiyməti əhali üçün 18 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 36 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün 72 manat təyin edilib. Bu tariflərə 3 illik elektron imza xidmətləri, elektron imza daşıyıcısı olan smart kart və 3 il ərzində vaxt göstəricilərinin qeyd olunması xidmətindən limitsiz istifadə daxildir.

Dövlət strukturları üçün elektron imzanın qiyməti isə 80 manat təşkil edir. Bu tarifə elektron imza üçün 3 illik tam xidmətlərlə yanaşı, kart oxuyucusu (cardreader) da daxildir.

Qeyd edək ki, elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir və elektron imza - elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. Elektron imzanın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik (məsuliyyətdən yayınmanın mümkünsüzlüyü), işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir.

Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq, eyni imkanlar əldə edirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!